Bildirilib ki, Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlıq illik plana uyğun olaraq intensiv şəkildə həyata keçirilir. Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının əhəmiyyətinə diqqət çəkilib. İrakli Çikovaninin sözlərinə görə, Gürcüstan bu il müdafiə nazirlərinin üçtərəfli görüşünə ev sahibliyi edəcək. Qeyd edilib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması prosesinə töhfə verməyə hazırdır.
Görüş diqqətəlayiqdir. Bu, demək olar ki, martın 15-də Bakıda keçiriləcək üçtərəfli tərəfdaşlığın xarici işlər nazirləri görüşünə paralel baş verirdi. Eyni zamanda Gürcüstanın Baş naziri Kobaxidze Ermənistan və Azərbaycanın Gürcüstandakı səfirləri ilə ayrı-ayrılıqda görüşüb. Gürcüstanın Baş naziri niyə iki səfirlə eyni gündə görüşməyə qərar verib? Bu, sadəcə olaraq qrafikin texniki məsələsidir, yoxsa Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli formatında xarici işlər nazirlərinin görüşü ilə də bağlı nəzərdə tutulmuş konkret məzmunun müzakirəsinə sübutdur?
Bu hadisələr fonunda Tbilisidə Gürcüstan müdafiə nazirinin Azərbaycan Təhlükəsizlik Şurasının katibi ilə görüşünün baş tutması bəlkə də bu versiyanı nəzərdən keçirməyə əsas verir ki, Gürcüstan və Azərbaycan yetişməkdə olan hansısa risklərin qarşısını almaq üçün müəyyən “məkik” prinsipi ilə iş həyata keçirməyə çalışır.
Məsələn, eksklav kəndlərin həm Ermənistan, həm də Azərbaycan ilə sərhəd zonasında yerləşdiyini, mövzunun isə bu günlərdə ən azından siyasi və informasiya sahəsində aktuallıq qazandığını nəzərə alsaq, aydın olur ki, Tbilisi mümkün gözlənilməz hadisələrə və gərginliyə qarşı çox həssas ola bilər. Üstəlik, sırf təhlükəsizlik şəraiti ilə yanaşı, Ermənistan-Azərbaycan gərginliyi halına Gürcüstan fərqli xarakterli ikiqat təzyiq altına düşəcək.
Məsələ ondadır ki, hər hansı bir hərbi eskalasiya baş verəcəyi təqdirdə Gürcüstanın, məsələn, Ermənistanın kifayət qədər iddialı öhdəliklər götürmüş Fransadan fasiləsiz hərbi-texniki tədarükləri nə dərəcədə təmin edəcəyi İrəvan üçün həyati əhəmiyyət kəsb edəcək. Bu o deməkdir ki, Tbilisi əngəl törədərsə, Paris Gürcüstana təzyiq göstərəcək.
Təbii ki, öz təhlükəsizlik maraqlarını rəhbər tutan Azərbaycan və Türkiyə Gürcüstana bütün təsir imkanlarından istifadə edərək, bunun əksinə nail olmağa, başqa sözlə, Gürcüstan ərazisindən Ermənistana tədarükün qarşısını almağa çalışacaq. Bu, özlüyündə Gürcüstanın yəqin ki, düşmək istəmədiyi bir vəziyyət olsa da, seçim etməlidir.
Asif Cəfərov
Ordu.az